Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydalarının təsdiq edilməsi barədə

                      AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli  Fərmanının
1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” təsdiq
edilsin (əlavə olunur).
                                                                                                                                                              Əli ƏSƏDOV
                                                                                                                 Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 iyul 2021-ci il
               217
                                                                                                           Azərbaycan Respublikası Nazirlər Kabinetinin
                                                                                                           2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə
                                                                                                                               təsdiq edilmişdir.
     Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi
                                                                             QAYDALARI
                                                                     1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə uyğun
olaraq uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi qaydalarını
müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin
tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;
1.2.2. uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin
tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;
1.2.3. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyi - malların, onlarla əlaqəli
proseslərin və istehsal metodlarının insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına ziyan
vurması hallarının olmaması;
1.2.4. xarici mənşəli uyğunluq sənədi - xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliynə dair
məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın
tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;
1.2.5. risk - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf
mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı;
1.2.6. texniki reqlament - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən
edən texniki normativ hüquqi akt;
1.2.7. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent);
1.2.8. uyğunluğun qiymətləndirilməsi prosedurları - texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə
yetirildiyini müəyyən etmək üçün istifadə olunan müvafiq prosedurlar;
1.2.9. uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları)- uyğunluğun qiymətləndirilməsi üçün nəzərdə tutulan
prosedurlar və onların ardıcıllığı;
1.2.10. uyğunluğu qiymətləndirən qurum - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş, malların texniki reqlamentlə müəyyən
olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;
1.2.11. malın partiya nömrəsi - istehsalçısı, etiketlənməsi, istehsal tarixi, istehsal növbəsi, istifadə olunan xammalı
eyni olan eynixassəli mallara istehsalçı tərəfindən tətbiq edilən eyniləşdirmə nömrəsi;
1.2.12. malın seriya nömrəsi - istehsalçı tərəfindən mala tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından
ibarət eyniləşdirmə nömrəsi;
1.2.13. reyestr - uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi barədə elektron informasiya ehtiyatı.
1.3. Uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi Azərbaycan Respublikasında istehsal olunan mallara, onlarla
əlaqəli proseslərə və istehsal metodlarına, habelə Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilir.
1.4. Azərbaycan Respublikasına idxal olunan mallara verilmiş xarici mənşəli uyğunluq sənədləri “Texniki
reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydaları”na
müvafiq olaraq tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, həmin malların uyğunluğunun qiymətləndirilməsi bu
Qaydalara uyğun olaraq həyata keçirilir.
1.5. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən texniki
reqlamentlər qüvvəyə minənədək malların, onlarla əlaqəli proseslərin və ya istehsal metodlarının uyğunluğunun
qiymətləndirilməsi onlara dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən
normativ hüquqi aktlar əsasında həyata keçirilir.

1.6. Uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi onlarda qeyd olunan mal partiyasına və ya seriyasına şamil edilir.
1.7. Uyğunluğun qiymətləndirilməsi xərcləri tərəflər arasında razılaşmaya əsasən təsərrüfat subyektlərinin vəsaiti
hesabına nağd, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilir.
1.8. Bu Qaydaların məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.
                          2. Uyğunluq sertifikatının forması, hazırlanması və təqdim edilməsi qaydası
2.1. Uyğunluq sertifikatı (bundan sonra - sertifikat) təsərrüfat subyektinin müraciəti əsasında yüksək riskli malların
istehsalı mərhələsində, mal bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl texniki
reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal
metodunun uyğunluğunun qiymətləndirilməsi nəticələrinə əsasən uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir.
2.2. Sertifikatın aşağıdakı formaları tərtib edilir:
2.2.1. malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikat;
2.2.2. mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikat.
2.3. Sertifikatda aşağıdakı məlumatlar qeyd olunur:
2.3.1. sertifikatın adı;
2.3.2. blankın qeydiyyat nömrəsi;
2.3.3. sertifikatın verilmə tarixi;
2.3.4. sertifikatın qeydiyyat nömrəsi;
2.3.5. sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və
VÖEN-i;
2.3.6. sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının
qeydiyyat nömrəsi və verilmə tarixi, uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin) və
uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, soyadı, adı və atasının adı;
2.3.7. texniki reqlamentin adı, nömrəsi və tarixi;
2.3.8. istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;
2.3.9. möhür yeri (olduqda).
2.4. Bu Qaydaların 2.3-cü bəndində qeyd olunanlardan əlavə malın uyğunluğunun qiymətləndirilməsi barədə
sertifikatda malın adı, növü, modeli, markası, partiya və ya seriya nömrəsi, istehsalçının adı və ünvanı, istehsal tarixi,
texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri, miqdarı, istifadə sahəsi, xarici
iqtisadi fəaliyyətin mal nomenklaturası, məhsul növləri üzrə təsnifat kodu, malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə
dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda), mal ilə əlaqəli prosesin və istehsal metodunun
uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatda isə mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi
fəaliyyət sahəsi və istehsal müəssisəsinin ünvanı göstərilir.
2.5. Malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatın forması bu Qaydaların 1 nömrəli əlavəsinə, mal ilə
əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatın forması isə bu Qaydaların 2
nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.
2.6. Malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun
qiymətləndirilməsinin təmin edilməsi üçün təsərrüfat subyekti özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən
quruma “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq ərizə
ilə müraciət edir.
2.7. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.7.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət
reyestrindən çıxarışının surəti;
2.7.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
2.7.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.7.4. idxal olunan mallara dair xarici mənşəli uyğunluq sənədləri və ya malın təhlükəsizliyinə dair aparılmış
sınaqların nəticələri;
2.7.5. idxal olunan mallara dair hesab-faktura (invoys);
2.7.6. Azərbaycan Respublikasının ərazisində istehsal olunan malların, onlarla əlaqəli proseslərin və istehsal
metodlarının təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri (olduqda);
2.7.7. istinad edilmiş standartlar və ya texniki şərtlər;
2.7.8. ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli.
2.8. Təsərrüfat subyekti “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə
əsasən texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və
istehsal metodlarına dair standartları, belə standartlar olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən
olunmuş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və ya
istehsal metodlarına dair texniki şərtləri uyğunluğu qiymətləndirən quruma təqdim edir.
2.9. Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilməlidir.
2.10. Uyğunluğu qiymətləndirən qurum ərizəçi tərəfindən təqdim olunmuş ərizəni qəbul edir və həmin gün
qeydiyyata alır. Uyğunluğu qiymətləndirən qurum ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə olunmuş sənədlərin bu
Qaydaların 2.6-cı və 2.7-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə olunmuş sənədlərdə
aradan qaldırılması mümkün olan və sertifikatın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə,
ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq uyğunluğu qiymətləndirən qurum onların aradan
qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları
məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman sertifikatın verilməsi ilə
bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət sertifikatın verilməsi müddətinə daxil edilmir.

Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
2.11. Ərizəçi ərizədə və ona əlavə olunmuş sənədlərdə aşkar edilmiş çatışmazlıqları bu Qaydaların 2.10-cu bəndində
qeyd olunan müddətdə aradan qaldırmadıqda, uyğunluğu qiymətləndirən qurum ərizənin baxılmamış saxlanılması
haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt
vasitəsilə göndərir.
2.12. Uyğunluğu qiymətləndirən qurum malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun
qiymətləndirilməsini yüksək risk səviyyəsinə uyğun olaraq tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi
sxemlərinə (modullarına) və prosedurlarına müvafiq olaraq həyata keçirir.
2.13. Uyğunluğun qiymətləndirilməsi zamanı istifadə olunan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və
prosedurları həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının əhatə olunduğu texniki reqlamentlərdə
göstərilir.
2.14. Təsərrüfat subyektləri uyğunluğun qiymətləndirilməsi zamanı uyğunluğun qiymətləndirilməsi prosedurlarının
həyata keçirilməsi üçün uyğunluğu qiymətləndirən qurumların mütəxəssislərinə şərait yaradır.
2.15. Təsərrüfat subyekti Azərbaycan Respublikasında istehsal olunan malların, onlarla əlaqəli proseslərin və istehsal
metodlarının uyğunluğunun qiymətləndirilməsi prosedurlarının həyata keçirilməsi üçün uyğunluğu qiymətləndirən
quruma istehsal obyektinə baxışın keçirilməsi və texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda və qaydada seçmə
üsulu ilə mal nümunələrinin əvəzsiz götürülməsinə şərait yaradır.
2.16. Təsərrüfat subyekti malın idxalından əvvəl texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda və qaydada
uyğunluğu qiymətləndirilən malın nümunəsini uyğunluğu qiymətləndirən quruma əvəzsiz qaydada təqdim edir.
2.17. Malın ölçüsü, forması, saxlanma və daşınma şərtləri və ya istehlak xüsusiyyətləri səbəbindən nümunələrin
malın idxalından əvvəl təqdim edilməsi mümkün olmadıqda, təsərrüfat subyekti uyğunluğu qiymətləndirən qurumun
mütəxəssislərinə ixracatçı ölkədə həmin malın istehsal olunduğu obyektə baxışın keçirilməsini və texniki reqlamentlərdə
nəzərdə tutulduğu qaydada seçmə üsulu ilə mal nümunələrinin götürülməsini öz vəsaiti hesabına təmin edir.
2.18. Uyğunluğun qiymətləndirilməsi zamanı istehlak üçün yararlılığını itirməmiş mal nümunələri həmin uyğunluğu
qiymətləndirən qurum tərəfindən təsərrüfat subyektinə qaytarılır.
2.19. Uyğunluğun qiymətləndirilməsi prosedurlarını həyata keçirmək üçün obyektə baxışın keçirilməsi və seçmə
üsulu ilə mal nümunələrinin götürülməsi təsərrüfat subyektinin fəaliyyətinə maneələr yaratmamalıdır.
2.20. Uyğunluğu qiymətləndirən qurum təqdim edilmiş ərizənin qeydiyyata alındığı tarixdən malların, onlarla əlaqəli
proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin nəticələri
əsasında 7 (yeddi) iş günündən gec olmayaraq sertifikatın verilməsi və ya sertifikatın verilməsindən imtina haqqında
əsaslandırılmış qərar qəbul edir. Uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı malların, onlarla əlaqəli
proseslərin və istehsal metodlarının müayinəsinə, tədqiqinə və ya sınaqlarına, habelə ixracatçı dövlətlərin istehsalçılarına
məxsus obyektlərə baxışın keçirilməsinə sərf olunan müddət sertifikatın verilməsi ilə bağlı müddətə daxil edilmir.
2.21. Sertifikatın verilməsi barədə qərar qəbul edildiyi halda uyğunluğu qiymətləndirən qurumlar Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin
reyestrinin aparılması Qaydası”nda nəzərdə tutulmuş sənədlərin və məlumatların reyestrə daxil olunması üçün həmin
gün ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edir.
2.22. Uyğunluğu qiymətləndirən qurum məlumatları reyestrə daxil olunduğu gün sertifikatı təsərrüfat subyektinə
təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Sertifikatın verilməsindən imtina haqqında qərar qəbul edildiyi gündən
2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.
2.23. Uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı malların, onlarla əlaqəli proseslərin və istehsal
metodlarının müayinəsinə, tədqiqinə və ya sınaqlarına sərf olunan müddət texniki reqlamentlərlə, ixracatçı dövlətlərin
istehsalçılarına məxsus obyektlərə baxışın keçirilməsinə sərf olunan müddət isə tərəflərin öz razılaşmaları əsasında
müəyyən edilir.
2.24. Təsərrüfat subyekti sertifikatı müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında
müəyyən edilmiş müddət ərzində saxlamalı, habelə malı müşayiət olunmasını təmin etməlidir.
2.25. Sertifikatın sahibi sertifikatdan yalnız özü istifadə edə bilər.
2.26. Sertifikat xüsusi nömrələnmiş blanklarda Azərbaycan və ingilis dillərində tərtib edilir.
2.27. Sertifikatın blankları uyğunluğu qiymətləndirən qurumun sifarişinə əsasən onun vəsaiti hesabına mətbəə üsulu
ilə hazırlanır.
2.28. Sertifikat tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və yaxud
zədələnmiş sertifikatlar etibarsızdır.
2.29. Sertifikat zədələndikdə və yaxud itirildikdə, sertifikat sahibi onun dublikatını əldə etmək üçün həmin sertifikatı
vermiş uyğunluğu qiymətləndirən quruma müraciət edə bilər. Uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyata
alındığı tarixdən 1 (bir) iş günü müddətində üzərində “dublikat” qeydi aparılmış sertifikatın dublikatını ərizəçiyə təqdim
edir və ya sifarişli poçt vasitəsilə göndərir.
2.30. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətləri uyğunluğun
qiymətləndirilməsi aparıldıqdan sonra dəyişdirildikdə, təsərrüfat subyekti bununla bağlı bu Qaydaların 2.6-2.9-cu
bəndləri ilə müəyyən olunmuş qaydada özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət
edir.
2.31. Təsərrüfat subyekti tərəfindən malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar
xüsusiyyətlərində edilmiş dəyişikliklərin uyğunluğunun qiymətləndirilməsi məqsədilə həmin malın, onunla əlaqəli
proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsini aparmış
uyğunluğu qiymətləndirən quruma müraciət etdiyi hallarda bu Qaydaların 2.7-ci bəndində qeyd olunan sənədlər tələb
edilmir.
2.32. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin
texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi bu Qaydalara əsasən həyata keçirilir. Bu halda
malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi edilmiş dəyişikliklərin

müvafiq texniki reqlamentlərə uyğun olduğunu göstərən əməliyyatlarla məhdudlaşır.
2.33. Uyğunluğu qiymətləndirən qurum malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar
xüsusiyyətlərində edilmiş dəyişikliklərin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi nəticələrinə
əsasən, bu Qaydaların 2.20-ci, 2.21-ci və 2.22-ci bəndləri ilə müəyyən olunmuş qaydada və müddətdə yeni sertifikatı və ya
onun verilməsindən imtina haqqında qərarı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.
2.34. Sertifikatın qüvvəsi aşağıdakı hallarda dayandırılır:
2.34.1. sertifikat sahibi tərəfindən uyğunluğun qiymətləndirilməsini aparmış quruma ərizə təqdim edildikdə;
2.34.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq,
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malda, onunla əlaqəli
proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə;
2.34.3. məhkəmənin müvafiq qərarı olduqda;
2.34.4. qanunda nəzərdə tutulan digər hallarda.
2.35. Sertifikat aşağıdakı hallarda ləğv edilir:
2.35.1. sertifikat sahibi tərəfindən uyğunluğun qiymətləndirilməsini aparmış quruma ərizə təqdim edildikdə;
2.35.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq,
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malın, onunla əlaqəli
proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına
təhlükə törətdiyi müəyyən edildikdə;
2.35.3. sertifikat verilməsi üçün təqdim edilmiş ərizədə və ona əlavə olunmuş sənədlərdə sonradan təhrif edilmə
aşkar olunduqda;
2.35.4. sertifikat bu Qaydaların tələbləri pozulmaqla tərtib edildikdə;
2.35.5. məhkəmənin müvafiq qərarı olduqda;
2.35.6. qanunda nəzərdə tutulan digər hallarda.
2.36. Bu Qaydaların 2.34.2-ci və 2.35.2-ci yarımbəndlərinə uyğun olaraq malda, onunla əlaqəli proseslərdə və istehsal
metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə və ya malın, onunla əlaqəli proseslərin və istehsal
metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən
olunduqda Nazirlik bu barədə məlumatı 2 (iki) iş günü müddətində həmin sertifikatı vermiş uyğunluğu qiymətləndirən
quruma təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.
2.37. Uyğunluğu qiymətləndirən qurum bu Qaydaların 2.34-cü (2.34.3-cü yarımbəndində qeyd olunan hal istisna
olmaqla), 2.35-ci (2.35.5-ci yarımbəndində qeyd olunan hal istisna olmaqla) və 2.36-cı bəndlərinə uyğun olaraq müvafiq
məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində sertifikatın qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə
qərar qəbul edir və bu barədə məlumatı reyestrə daxil olunması üçün həmin gün ərzində Nazirliyə təqdim edir.
2.38. Uyğunluğu qiymətləndirən qurum məlumatları reyestrə daxil olunduğu gün dayandırılma və ya ləğv edilmə
barədə qərarı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.
2.39. Sertifikatı vermiş uyğunluğu qiymətləndirən qurum bu Qaydaların 2.34.1-ci yarımbəndində göstərilən əsas üzrə
sertifikat sahibinin müvafiq ərizəsini, bu Qaydaların 2.34.2-ci və 2.34.4-cü yarımbəndlərində qeyd olunan hallarda isə
həmin halların aradan qaldırılması barədə sertifikat sahibinin təqdim etdiyi yazılı məlumatı aldığı tarixdən 1 (bir) iş günü
müddətində sertifikatın qüvvəsinin bərpası ilə bağlı qərar qəbul edir və bu barədə məlumatı reyestrə daxil olunması üçün
həmin gün ərzində Nazirliyə təqdim edir.
2.40. Uyğunluğu qiymətləndirən qurum məlumatların reyestrə daxil olunduğu gün bərpa barədə qərarı təsərrüfat
subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.
2.41. Sertifikat aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:
2.41.1. sertifikatın sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;
2.41.2. sertifikatın sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və yaxud nümayəndəliyinin adı və ya
hüquqi ünvanı dəyişdikdə;
2.41.3. sertifikatın sahibi olan fiziki şəxsin soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə;
2.41.4. sertifikatın tərtibi ilə bağlı sonradan texniki səhvlər aşkar edildikdə.
2.42. Bu Qaydaların 2.41-ci bəndinə uyğun olaraq sertifikatın yenidən rəsmiləşdirilməsi zərurəti yarandığı halda,
təsərrüfat subyekti bu Qaydaların 2.6-cı bəndi və 2.7.1-ci, 2.7.2-ci, 2.7.3-cü yarımbəndləri ilə müəyyən edilmiş qaydada
həmin malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsini aparmış uyğunluğu
qiymətləndirən quruma ərizə ilə müraciət edir. Uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyata alındığı tarixdən 2
(iki) iş günündən gec olmayaraq sertifikatın yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul edir və bu barədə məlumatın
reyestrə daxil olunması üçün həmin gün ərzində Nazirliyə təqdim edir.
2.43. Uyğunluğu qiymətləndirən qurum məlumatları reyestrə daxil olunduğu gün yenidən rəsmiləşdirilmiş sertifikatı
təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.
2.44. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunu qiymətləndirmiş qurumun hüquq və
vəzifələri digər uyğunluğu qiymətləndirən quruma ötürülmədən ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda
həmin qurumun verdiyi sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi bu
Qaydalara əsasən Nazirliyin müəyyən etdiyi uyğunluğu qiymətləndirən qurum tərəfindən həyata keçirilir.
                    3. Uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi qaydası
3.1. Təsərrüfat subyekti orta və aşağı riskli malların istehsalı mərhələsində malların idxalından, bazara
yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş
uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun
qiymətləndirilməsi nəticələri əsasında uyğunluq bəyannaməsini (bundan sonra - bəyannamə) tərtib edir.

3.2. Bəyannamənin aşağıdakı formaları tərtib edilir:
3.2.1. malların uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamə;
3.2.2. mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamə.
3.3. Bəyannamədə aşağıdakı məlumatlar qeyd olunur:
3.3.1. bəyannamənin adı;
3.3.2. bəyannamənin verilmə tarixi;
3.3.3. bəyannamənin qeydiyyat nömrəsi;
3.3.4. bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı,
ünvanı və VÖEN-i;
3.3.5. texniki reqlamentin adı, nömrəsi və tarixi;
3.3.6. istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;
3.3.7. orta riskli mallara münasibətdə uyğunluğun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən
qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;
3.3.8. bəyannaməni tərtib edən təsərrüfat subyektinin rəhbərinin (səlahiyyətli nümayəndəsinin), malların, onlarla
əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə məsul şəxsin imzası, soyadı, adı və atasının adı;
3.3.9. möhür yeri (olduqda).
3.4. Bu Qaydaların 3.3-cü bəndində olan məlumatlardan əlavə bəyannamədə bu Qaydaların 2.4-cü bəndindəki
məlumatlar qeyd olunur.
3.5. Malın uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamənin forması bu Qaydaların 3 nömrəli əlavəsinə, mal
ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamənin forması isə bu
Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.
3.6. Təsərrüfat subyekti orta riskli mallar üçün bəyannaməni tərtib etməklə yanaşı, uyğunluğun təsdiqlənməsi
məqsədilə uyğunluğu qiymətləndirən qurumu cəlb edir. Uyğunluğu qiymətləndirən qurum uyğunluğun təsdiqi barədə
təsdiqedici sənəd verir. Uyğunluğun təsdiqi barədə təsdiqedici sənəddə malların texniki reqlamentlərin tələblərinə uyğun
olması qeyd edilir.
3.7. Təsərrüfat subyekti orta riskli malların uyğunluğunun təsdiqlənməsi məqsədilə özünün sərbəst seçdiyi
uyğunluğu qiymətləndirən quruma “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu
maddələrinə uyğun olaraq ərizə ilə müraciət edir.
3.8. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
3.8.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət
reyestrindən çıxarışının surəti;
3.8.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
3.8.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
3.8.4. idxal olunan mallara dair xarici mənşəli uyğunluq sənədləri və ya malın təhlükəsizliyinə dair aparılmış
sınaqların nəticələri;
3.8.5. idxal olunan mala dair hesab-faktura (invoys);
3.8.6. Azərbaycan Respublikasının ərazisində istehsal olunan malların “Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda
aparılmış sınaqların nəticələri;
3.8.7. istinad edilmiş standartlar və texniki şərtlər;
3.8.8. ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli.
3.9. Təsərrüfat subyekti “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə
əsasən texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara dair standartları belə
standartlar olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən olunmuş yeni texniki həllərin istifadəsini
təmin etmək məqsədilə istehsal olunan mallara dair texniki şərtləri uyğunluğu qiymətləndirən quruma təqdim edir.
3.10. Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilməlidir.
3.11. Uyğunluğu qiymətləndirən qurum ərizəçi tərəfindən təqdim edilmiş ərizəni qəbul edir və həmin gün ərzində
qeydiyyata alır. Uyğunluğu qiymətləndirən qurum ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə olunmuş sənədlərin bu
Qaydaların 3.7-ci və 3.8-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə olunmuş sənədlərdə
aradan qaldırılması mümkün olan və uyğunluğun təsdiq edilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar
olunduqda, ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq uyğunluğu qiymətləndirən qurum
onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Ərizəçi həmin
çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman təsdiqedici
sənədin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət təsdiqedici sənədin verilməsi müddətinə
daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
3.12. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydaların 3.11-ci bəndində
qeyd olunan müddətdə aradan qaldırmadıqda uyğunluğu qiymətləndirən qurum ərizənin baxılmamış saxlanılması
haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt
vasitəsilə göndərir.
3.13. Uyğunluğu qiymətləndirən qurum uyğunluğun təsdiqi məqsədilə bu Qaydaların 3.7-ci və 3.8-ci bəndləri ilə
müəyyən olunmuş qaydada təqdim edilmiş sənəd və məlumatları malların əhatə olunduğu texniki reqlamentlərdə qeyd
edilmiş uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurlarına uyğun olaraq təhlil edir və onların mala
aid olmasını araşdırır.
3.14. Uyğunluğun təsdiqi zamanı istifadə olunan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və
prosedurları həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının əhatə olunduğu texniki reqlamentlərdə
göstərilir.
3.15. Uyğunluğu qiymətləndirən qurum təqdim edilmiş ərizənin qeydiyyata alındığı tarixdən malların texniki
reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin nəticələri əsasında 5 (beş) iş günündən gec olmayaraq,

təsdiqedici sənədin verilməsi və ya onun verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Uyğunluğu
qiymətləndirən qurum müvafiq qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində təsdiqedici sənədi və ya onun
verilməsindən imtina haqqında əsaslandırılmış qərarı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə
göndərir.
3.16. Orta riskli mallara münasibətdə təsərrüfat subyekti təsdiqedici sənəd əsasında bəyannaməni tərtib edir.
3.17. Təsərrüfat subyekti malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun
qiymətləndirilməsini orta və aşağı risk səviyyəsinə uyğun olaraq tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi
sxemlərinə (modullarına) və prosedurlarına müvafiq olaraq həyata keçirir.
3.18. Uyğunluğu qiymətləndirən qurum tərəfindən verilmiş təsdiqedici sənəd təsərrüfat subyekti tərəfindən tərtib
edilmiş bəyannaməyə müşayiətedici sənəd kimi əlavə olunur. Orta riskli mallara münasibətdə təsdiqedici sənəd
olmadıqda, tərtib edilmiş bəyannamə etibarsız hesab edilir.
3.19. Bəyannamə A4 (210x297mm) formatında Azərbaycan və ingilis dillərində tərtib edilir.
3.20. Bəyannamə tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və yaxud
zədələnmiş bəyannamə etibarsızdır.
3.21. Orta riskli malların uyğunluğunun qiymətləndirilməsi zamanı verilmiş təsdiqedici sənədlər zədələndikdə və
yaxud itirildikdə, onun sahibi dublikatını əldə etmək üçün həmin təsdiqedici sənədi vermiş uyğunluğu qiymətləndirən
quruma müraciət edə bilər. Uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyata alındığı tarixdən 1 (bir) iş günü
müddətində üzərində “dublikat” qeydi aparılmış təsdiqedici sənədin dublikatını ərizəçiyə təqdim edir və ya sifarişli poçt
vasitəsilə göndərir.
3.22. Təsərrüfat subyekti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq
sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nda nəzərdə tutulmuş sənədləri və
məlumatları bəyannamə tərtib edildiyi gün reyestrə daxil olunması üçün Nazirliyə təqdim edir.
3.23. Təsərrüfat subyekti bəyannaməni müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi
əsasında müəyyən olunmuş müddət ərzində saxlayır, habelə malın müşayiətini təmin edir.
3.24. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin
texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi bu Qaydalara əsasən həyata keçirilir. Bu halda
malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi edilmiş dəyişikliklərin
müvafiq texniki reqlamentlərə uyğun olduğunu göstərən əməliyyatlarla məhdudlaşır.
3.25. Orta riskli mallara münasibətdə malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərlə bağlı təsdiqedici
sənədin alınması üçün təsərrüfat subyekti bu Qaydaların 3.7-3.10-cu bəndləri ilə müəyyən olunmuş qaydada özünün
sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət edir.
3.26. Orta riskli mallara münasibətdə təsərrüfat subyekti malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin
uyğunluğunun qiymətləndirilməsi məqsədilə həmin malın texniki reqlamentin tələblərinə uyğunluğunun
qiymətləndirilməsinə cəlb edilmiş uyğunluğu qiymətləndirən quruma müraciət etdiyi hallarda bu Qaydaların 3.8-ci
bəndində qeyd olunan sənədlər tələb edilmir.
3.27. Uyğunluğu qiymətləndirən qurum malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin texniki
reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi nəticələrinin verilməsindən imtina haqqında qərarı bu
Qaydaların 3.15-ci bəndi ilə müəyyən olunan müddətdə və qaydada təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt
vasitəsilə göndərir.
3.28. Təsərrüfat subyekti malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş
dəyişikliklərin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin müsbət nəticələri əsasında yeni
bəyannaməni tərtib edir.
3.29. Bəyannamənin qüvvəsi aşağıdakı hallarda dayandırılır:
3.29.1. bəyannamə sahibinin öz qərarı əsasında;
3.29.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq,
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malda, onunla əlaqəli
proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə;
3.29.3. məhkəmənin müvafiq qərarı olduqda;
3.29.4. qanunda nəzərdə tutulan digər hallarda.
3.30. Bəyannamə aşağıdakı hallarda ləğv edilir:
3.30.1. bəyannamə sahibinin öz qərarı əsasında;
3.30.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq,
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malın, onunla əlaqəli
proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına
təhlükə törətdiyi müəyyən edildikdə;
3.30.3. bəyannamənin tərtibi zamanı əsas götürülmüş sənədlərdə sonradan təhrif olunmuş məlumatlar aşkar
edildikdə;
3.30.4. bəyannamə bu Qaydalara uyğun tərtib edilmədikdə;
3.30.5. məhkəmənin müvafiq qərarı olduqda;
3.30.6. qanunda nəzərdə tutulan digər hallarda.
3.31. Bu Qaydaların 3.29.2-ci və 3.30.2-ci yarımbəndlərinə uyğun olaraq malda, onunla əlaqəli proseslərdə və istehsal
metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə və ya malın, onunla əlaqəli proseslərin və istehsal
metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən
olduqda, Nazirlik bu barədə məlumatı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt
vasitəsilə göndərir.
3.32. Təsərrüfat subyekti bu Qaydaların 3.29.2-ci, 3.29.4-cü, 3.30.2-3.30.4-cü, 3.30.6-cı yarımbəndlərinə və 3.31-ci

bəndinə uyğun olaraq müvafiq məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində bəyannamənin qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul edir.
3.33. Təsərrüfat subyekti bu Qaydaların 3.29.1-ci, 3.30.1-ci yarımbəndlərinə və 3.32-ci bəndinə uyğun olaraq
bəyannamənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı qərar qəbul etdiyi gün bu barədə məlumatı reyestrə
daxil olunması üçün Nazirliyə təqdim edir.
3.34. Təsərrüfat subyekti bu Qaydaların 3.29.2-ci yarımbəndində qeyd olunan əsas üzrə çatışmazlıqların aradan
qaldırıldığına dair Nazirliyin qərarını, 3.29.4-cü yarımbəndində həmin halların aradan qaldırılması barədə məlumatı
aldığı tarixdən 1 (bir) iş günü müddətində, 3.29.1-ci yarımbəndində qeyd olunan halda isə öz təşəbbüsü əsasında
bəyannamənin qüvvəsinin bərpası ilə bağlı qərar qəbul edir.
3.35. Təsərrüfat subyekti bəyannamənin qüvvəsinin bərpası ilə bağlı qərar qəbul etdiyi gün bu barədə məlumatı
reyestrə daxil edilməsi üçün Nazirliyə təqdim edir.
3.36. Bəyannamə aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:
3.36.1. bəyannamə sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;
3.36.2. bəyannamə sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və yaxud nümayəndəliyinin adı və ya
hüquqi ünvanı dəyişdikdə;
3.36.3. bəyannamə sahibi olan fiziki şəxsin soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə;
3.36.4. bəyannamənin və ya təsdiqedici sənədin tərtibi ilə bağlı sonradan texniki səhvlər aşkar edildikdə.
3.37. Bu Qaydaların 3.36-cı bəndinə uyğun olaraq, bəyannamənin yenidən rəsmiləşdirilməsi zərurəti yarandığı
halda, orta riskli mallara münasibətdə təsərrüfat subyekti bu Qaydaların 3.7-ci bəndi və 3.8.1-3.8.3-cü yarımbəndləri ilə
müəyyən olunmuş qaydada həmin malın uyğunluğunun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu
qiymətləndirən quruma müraciət edir. Uyğunluğu qiymətləndirən qurum 2 (iki) iş günü müddətində yeni təsdiqedici
sənədi təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Təsərrüfat subyekti həmin təsdiqedici
sənəd əsasında yenidən rəsmiləşdirilmiş bəyannaməni tərtib edir.
3.38. Malın uyğunluğunun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun hüquq və
vəzifələri digər uyğunluğu qiymətləndirən quruma ötürülmədən ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda,
bəyannamənin yenidən rəsmiləşdirilməsi ilə əlaqədar yeni təsdiqedici sənədin verilməsi bu Qaydalara əsasən Nazirliyin
müəyyən etdiyi uyğunluğu qiymətləndirən qurum tərəfindən həyata keçirilir.
3.39. Bu Qaydaların 3.36-cı bəndinə uyğun olaraq aşağı riskli mallara münasibətdə bəyannamənin yenidən
rəsmiləşdirilməsi zərurəti yarandığı halda, təsərrüfat subyekti yenidən rəsmiləşdirilmiş bəyannaməni tərtib edir.
3.40. Təsərrüfat subyekti bəyannamənin yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul etdiyi gün bu barədə
məlumatı reyestrə daxil olunması üçün Nazirliyə təqdim edir.
                                                                      4. Yekun müddəa
4.1. Təsərrüfat subyektləri tərəfindən məlumatları reyestrə daxil olunmayan sertifikatların, bəyannamələrin, habelə
onların qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yenidən rəsmiləşdirilməsi barədə qərarların istifadəsinə yol verilmir.
                                                                                                                          “Uyğunluq sertifikatının və uyğunluq
                                                                                                                 bəyannaməsinin forması, hazırlanması və
                                                                                                                                     təqdim edilməsi Qaydaları”na
                                                                                                                                                1 nömrəli əlavə
                            Malın uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatının forması

                                                                                                                                 “Uyğunluq sertifikatının və uyğunluq
                                                                                                                                bəyannaməsinin forması, hazırlanması və
                                                                                                                                 təqdim edilməsi Qaydaları”na
                                                                                                                                2 nömrəli əlavə

                                                           Mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatının
                                                                                                   forması 

                                                                                                                       “Uyğunluq sertifikatının və uyğunluq
                                                                                                                    yannaməsinin forması, hazırlanması və
                                                                                                                                    təqdim edilməsi Qaydaları”na
                                                                                                                                 3 nömrəli əlavə
Malın uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannaməsinin forması

                                                                                                                              “Uyğunluq sertifikatının və uyğunluq
                                                                                                                      bəyannaməsinin forması, hazırlanması və
                                                                                                                              təqdim edilməsi Qaydaları”na
                                                                                                                                    4 nömrəli əlavə
Mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannaməsinin
forması