Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydalarının təsdiq edilməsi barədə

                             AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.6-cı
yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
                                                                                                                                                              Əli ƏSƏDOV
                                                                                                                 Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 7 oktyabr 2020-ci il
                    377
                                                                                                          Azərbaycan Respublikası Nazirlər Kabinetinin
                                                                                                        2020-ci il 7 oktyabr tarixli 377 nömrəli Qərarı ilə
                                                                                                                               təsdiq edilmişdir.
                 Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi
                                                                     QAYDALARI
                                                             1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.3-
cü maddəsinə uyğun olaraq uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını
müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.2.1. milli standartlaşdırma qurumu - Qanunun 1.0.18-ci maddəsinə əsasən “Azərbaycan Standartlaşdırma
İnstitutu” publik hüquqi şəxs;
1.2.2. uyğunluğun qiymətləndirilməsi - malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə
sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi;
1.2.3. uyğunluğun qiymətləndirilməsinin obyektləri - mal (iş, xidmət), onunla əlaqəli proseslər (o cümlədən
idarəetmə sistemləri), istehsal metodları.
1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda nəzərdə tutulan mənaları ifadə edir.
                                                  2. Uyğunluq sertifikatının forması
2.1. Uyğunluq sertifikatının aşağıdakı formaları tərtib edilir:
2.1.1. malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı;
2.1.2. mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun
könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı.
2.2. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndləri ilə müəyyən edilən uyğunluq sertifikatlarında aşağıdakı
məlumatlar göstərilir:
2.2.1. sertifikatın adı;
2.2.2. sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının
qeydiyyat nömrəsi;
2.2.3. blankın qeydiyyat nömrəsi;
2.2.4. sertifikatın verilmə tarixi;
2.2.5. sertifikatın qeydiyyat nömrəsi;
2.2.6. sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı;
2.2.7. standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi;
2.2.8. sertifikatın verilmə əsası;
2.2.9. əlavə məlumat (olduqda);
2.2.10. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin),
uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, adı, soyadı və atasının adı;
2.2.11. möhür yeri (olduqda).
2.3. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilənlərdən əlavə malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü
qiymətləndirilməsi barədə uyğunluq sertifikatında uyğunluğu qiymətləndirilmiş malın (işin, xidmətin) adı, növü,
markası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, “Məhsul növləri təsnifatı” üzrə kodu, məhsulun istehsal edildiyi,
işin və xidmətin göstərildiyi yerin ünvanı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və
istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında isə idarəetmə
sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o
cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi göstərilir.
2.4. Uyğunluq sertifikatı dövlət dilində tərtib edilir.
2.5. Dövlət dilində tərtib edilmiş uyğunluq sertifikatı digər dillərə tərcümə edildikdə tərcümənin düzgünlüyü notariat

qaydasında təsdiqlənməlidir.
2.6. Malların (işlərin, xidmətlərin) uyğunluq sertifikatının forması bu Qaydaların 1 nömrəli əlavəsinə, mal (iş, xidmət)
ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluq sertifikatının forması bu
Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.
2.7. Uyğunluq sertifikatı tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və
yaxud zədələnmiş sertifikatlar etibarsızdır.
                                       3. Uyğunluq nişanından istifadə və onun verilməsi
3.1. Uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən
malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma
üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir.
3.2. Uyğunluq nişanının forması bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilir.
3.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatı ilə təmin edilmiş
uyğunluğun qiymətləndirilməsinin obyektlərinə təsərrüfat subyekti tərəfindən uyğunluq nişanı tətbiq edilə bilər.
3.4. Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin,
xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə
normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilməmiş və sertifikatlaşdırılmamış uyğunluğun
qiymətləndirilməsinin obyektlərinə uyğunluq nişanı vurula bilməz.
3.5. Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün
olmadıqda qablaşdırmaya tətbiq edilir. Uyğunluğun qiymətləndirilməsinin obyektlərinin istismar, texniki və
müşayiətedici sənədlərində uyğunluğunun qiymətləndirilməsi haqqında məlumatın (uyğunluq sertifikatının nömrəsi və
verilmə tarixi, sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı) göstərildiyi yerdə uyğunluq
nişanı ilə nişanlanmalıdır. Belə məlumatlar olduqda uyğunluq nişanı ilə nişanlanmış mal uyğunluq sertifikatının surəti ilə
müşayiət olunmaya bilər.
3.6. Uyğunluq sertifikatı ilə təmin edilmiş malın partiyası uyğunluq sertifikatının surəti ilə müşayiət edilir.
3.7. Uyğunluq nişanı aydın görünən olmalı və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malın uyğunluq nişanı
ilə nişanlanmasına aşınma, tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici
təsirlərə qarşı müqavimətini və malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir.
Uyğunluq nişanının təsvirinin ayrı-ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir.
3.8. Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə sertifikatlaşdırılmamış mallar üçün belə qablaşdırmanın
istifadəsi yolverilməzdir.
3.9. Qanunun 13.5-ci maddəsinə uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən
uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edildikdə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun
səlahiyyətli nümayəndəsinin iştirakı ilə tətbiq edilmək üçün hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti tərəfindən
tamamilə məhv edilmə ilə nəticələnən, onların sonrakı bərpası və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü
istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə məhv edilir. Məhvetmə 2 (iki) nüsxədə tərtib edilmiş
akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin və təsərrüfat subyektinin imzası
ilə təsdiq edilmiş aktla rəsmiləşdirilir. Məhvetmə ilə bağlı aktda təsərrüfat subyektinin adı, soyadı, atasının adı (hüquqi
şəxs olduqda adı və hüquqi ünvanı, səlahiyyətli nümayəndəsinin adı, soyadı və atasının adı), akkreditasiya edilmiş
uyğunluğu qiymətləndirən qurumun adı, ünvanı və onun səlahiyyətli nümayəndəsinin adı, soyadı, atasının adı, nişanların
məhv edildiyi yer, məhvetmə üsulu və məhv edilən nişanların sayı göstərilir.
                                                                                                   “Uyğunluq sertifikatının forması, uyğunluq
                                                                                                  nişanından istifadə və verilməsi Qaydaları”na
                                                                                                                       1 nömrəli əlavə
    Uyğunluğun könüllü qiymətləndirilməsi zamanı malların (işlərin, xidmətlərin) uyğunluq sertifikatının forması

                                                                                “Uyğunluq sertifikatının forması, uyğunluq
                                                                           nişanından istifadə və verilməsi Qaydaları”na
                                                                                     2 nömrəli əlavə
Uyğunluğun könüllü qiymətləndirilməsi zamanı mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə
sisteminin) və istehsal metodunun uyğunluq sertifikatının forması

                                                                               “Uyğunluq sertifikatının forması, uyğunluq
                                                                         nişanından istifadə və verilməsi Qaydaları”na
                                                                          2 nömrəli əlavə
Uyğunluğun könüllü qiymətləndirilməsi zamanı mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə
sisteminin) və istehsal metodunun uyğunluq sertifikatının forması