Uyğunluq nişanının formasi, uyğunluq nişanından istifadə və verilməsi Qaydalarının təsdiq edilməsi barədə

                                 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının
1.4.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
                                                                                                                                                           Əli ƏSƏDOV
                                                                                                             Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 iyul 2021-ci il
                  216
                                                                                                        Azərbaycan Respublikası Nazirlər Kabinetinin
                                                                                                        2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə
                                                                                                                             təsdiq edilmişdir.
                              Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi
                                                                           QAYDALARI
                                                                  1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun)
13.14-cü maddəsinə uyğun olaraq uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını
müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. uyğunluq nişanı - malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlə müəyyən
edilmiş tələblərə uyğunluğunu göstərən nişan;
1.2.2. uyğunluğun qiymətləndirilməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq
texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi;
1.2.3. texniki reqlament - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən
edən texniki normativ hüquqi akt;
1.2.4. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).
1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.
                                                    2. Uyğunluq nişanının istifadəsi və verilməsi
2.1. Forması bu Qaydaların əlavəsinin 1-ci şəklində göstərilən uyğunluq nişanı malların, onunla əlaqəli proseslərin və
istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğun olduğunu göstərir.
2.2. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən
verilmiş uyğunluq sertifikatları, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsi
ilə müəyyən olunmuş qaydada tanınmış xarici mənşəli uyğunluq sənədləri və ya təsərrüfat subyektlərinin tərtib etdiyi
uyğunluq bəyannamələri ilə təmin edilmiş mallara, onunla əlaqəli proseslərə və istehsal metodlarına təsərrüfat
subyektləri tərəfindən uyğunluq nişanı tətbiq olunur.
2.3. Forması bu Qaydaların əlavəsinin 2-ci və 3-cü şəkillərində göstərilən əmsallar uyğunluq nişanının müxtəlif
elementləri arasındakı məsafə nisbətlərini ifadə edir. Bu Qaydaların əlavəsinin 1-ci şəklində göstərilən uyğunluq nişanının
ümumi təsviri (eni və uzunu) 5 (beş) mm-dən az ola bilməz.
2.4. Mal uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədi ilə təmin
olunduğu halda, uyğunluq nişanı birbaşa malın üzərinə vurulur.
2.5. Mal ilə əlaqəli proses və ya istehsal metodları uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi ilə təmin
olunduğu halda, uyğunluq nişanı onların texniki sənədlərinin yuxarı sağ küncünə vurulur.
2.6. Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün
olmadıqda qablaşdırmaya tətbiq edilir.
2.7. Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə, texniki reqlamentlərin tələblərinə uyğunluğu təsdiq edilməmiş
mallar üçün belə qablaşdırmanın istifadəsi yolverilməzdir.
2.8. Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla
uyğunluğu qiymətləndirilməmiş mallara, habelə malla əlaqəli proseslərə və istehsal metodlarına dair tərtib edilmiş texniki
sənədlərə uyğunluq nişanı vurula bilməz.
2.9. Uyğunluq nişanı aydın görünməli və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malların, habelə mal ilə
əlaqəli proseslər və istehsal metodlarına dair tərtib edilmiş texniki sənədlərin uyğunluq nişanı ilə nişanlanmasına aşınma,
tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici təsirlərə qarşı müqavimətini və
malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir. Uyğunluq nişanının təsvirinin ayrı-

ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir.
2.10. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq

bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq uyğunluq sertifikatının və ya
uyğunluq bəyannaməsinin, habelə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Texniki
reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”na uyğun
olaraq tanınmış xarici mənşəli uyğunluq sənədlərinin ləğv edilməsi barədə qərar qəbul edildiyi halda, mala, qablaşdırma
materialına və ya texniki sənədlərə tətbiq edilən, habelə bu məqsədlə hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti
tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətli nümayəndəsinin
iştirakı ilə onların sonrakı bərpasını və ilkin şəkildə istifadəsinin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki
və ya başqa təsir üsulları ilə məhv edilir.
2.11. Təsərrüfat subyekti bu Qaydaların 2.10-cu bəndi ilə müəyyən olunmuş qaydada uyğunluq nişanlarının məhv
edilməsi zamanı səlahiyyətli nümayəndənin iştirakının təmini məqsədilə uyğunluq sertifikatlarının, uyğunluq
bəyannamələrinin, tanınmış uyğunluq sənədlərinin ləğvi barədə qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günündən gec
olmayaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq
ərizə ilə Nazirliyə müraciət edir. Ərizəyə təsərrüfat subyektinin özünün sərbəst seçdiyi malların zərərsizləşdirilməsi və
məhv edilməsi üzrə ixtisaslaşmış müəssisələrlə bağlanılmış müqavilə əlavə olunur. Nazirlik ən geci 5 (beş) iş günü
müddətində səlahiyyətli nümayəndənin ayrılmasını təmin edir və onun soyadı, adı, atasının adı və əlaqə vasitələri barədə
yazılı məlumatı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Təsərrüfat subyekti səlahiyyətli
nümayəndə barədə məlumatı aldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq uyğunluq nişanlarının məhv
edilməsini təmin etməlidir.
2.12. Uyğunluq nişanlarının məhv edilməsi Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında”
və “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarına uyğun həyata keçirilir.
2.13. Məhvetmə 2 (iki) nüsxədə tərtib olunaraq Nazirliyin səlahiyyətli nümayəndəsinin və təsərrüfat subyektinin
imzası ilə təsdiq edilmiş aktla rəsmiləşdirilir.
2.14. Məhvetmə ilə bağlı aktda təsərrüfat subyektinin soyadı, adı, atasının adı, VÖEN-i (hüquqi şəxs olduqda adı,
hüquqi ünvanı və VÖEN-i, səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı), Nazirliyin səlahiyyətli
nümayəndəsinin soyadı, adı, atasının adı, vəzifəsi, nişanların məhv edildiyi yer, məhvetmə üsulu və məhv edilən
nişanların sayı göstərilir.
2.15. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq
bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq uyğunluq sertifikatının və ya
uyğunluq bəyannaməsinin, habelə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Texniki
reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”na uyğun
olaraq tanınmış xarici mənşəli uyğunluq sənədlərinin qüvvəsinin dayandırıldığı barədə qərar qəbul edildiyi halda mala,
qablaşdırma materialına və ya texniki sənədlərə tətbiq edilmiş, habelə bu məqsədlə hazırlanmış uyğunluq nişanlarının
istifadəsi təsərrüfat subyektləri tərəfindən dayandırılır. Uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və ya tanınmış
xarici mənşəli uyğunluq sənədinin qüvvəsi bərpa edildiyi halda təsərrüfat subyekti həmin uyğunluq nişanından yenidən
istifadə edir.
                                                                                                                          “Uyğunluq nişanının forması, uyğunluq
                                                                                                                   nişanından istifadə və verilməsi Qaydaları”na
                                                                                                                                                   əlavə
Uyğunluq nişanının forması

Şəkil 1.

Şəkil 2.

Şəkil 3.